Venesuelada baş verən iki güclü zəlzələdən sonra həlak olanların sayı 2645 nəfərə çatıb.
Bu barədə ölkənin Kommunikasiya və İnformasiya Nazirliyi (MIPPCI) yenilənmiş məlumat yayıb.
Nazirliyin məlumatına görə, təbii fəlakət nəticəsində 12 666 nəfər xəsarət alıb, 6462 nəfər isə sağ xilas edilib.
Venesuela hakimiyyəti zərərçəkənlərə yardım işlərinin davam etdiyini bildirib. Rəsmi məlumatlara əsasən, fəlakətdən zərər çəkən bölgələrin sakinlərinə təxminən 10 min ton ərzaq, on minlərlə ərzaq bağlaması və yarım milyon litr içməli su paylanılıb.
Xatırladaq ki, dağıdıcı zəlzələlər iyunun 24-nə keçən gecə baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk yeraltı təkanların maqnitudası 7,2, ikinci zəlzələnin maqnitudası isə 7,5 olub.
Təbii fəlakət nəticəsində yüzlərlə yaşayış evi dağılıb.

