İtaliyanın cənubunda yanacağın bahalaşmasına etiraz edən yük maşını sürücüləri və fermerlər əsas nəqliyyat yollarını bağlayaraq ərzaq məhsullarının daşınmasında ciddi problemlər yaradıblar.
Etirazlar ölkənin Kampaniya, Apuliya, Kalabriya və Siciliya bölgələrini əhatə edib. Yolların bağlanması səbəbindən bəzi supermarketlərin rəfləri boşalmağa başlayıb, meyvə, tərəvəz, süd və ət məhsullarının tədarükündə çətinliklər yaranıb.
Daşımaların dayanması qida sənayesinə də təsir göstərib. Xüsusilə makaron və mozzarella pendirinin istehsalında fasilələr yaranıb. Xammalın müəssisələrə vaxtında çatdırılmaması istehsal prosesini çətinləşdirib.
Etirazçılar yanacaq qiymətlərinin artmasının nəqliyyat və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərənlərin xərclərini ağırlaşdırdığını bildiriblər.
Yaranmış vəziyyətlə əlaqədar İtaliya hökuməti nəqliyyat sektoruna maliyyə dəstəyi göstərmək üçün tədbirlər görməyə başlayıb.
Hökumət nümayəndələri vəziyyəti sabitləşdirmək və yükdaşımaların bərpasını təmin etmək məqsədilə sektor təmsilçiləri ilə danışıqlara başlayıblar.

