Şotlandiyanın paytaxtı Edinburqda bıçaq və balta ilə silahlanmış şəxsin insanlara hücumu nəticəsində 5 nəfər yaralanıb. Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs polis tərəfindən saxlanılıb.
İlk çağırış polisə yerli vaxtla 20:50-də daxil olub. Bildirilir ki, şəhərin qərbində, məscid yaxınlığında 2 nəfər xəsarət alıb. Daha sonra 36 yaşlı kişi şəhərin başqa ərazilərində daha 3 nəfərə hücum edib.
Onun həmçinin yanacaqdoldurma məntəqələrində avtomobillərə ziyan vurduğu, mağazanı dağıtdığı və hadisənin ilk baş verdiyi yerdən bir neçə kilometr aralıda yerləşən pizzacı obyektinin qapısını sındırdığı qeyd olunur.
Yaralıların yaşlarının 22-39 arasında olduğu və onların həyati təhlükəsinin olmadığı bildirilib.
Hadisənin araşdırılmasına polisinin antiterror bölməsi də cəlb olunub.
Şotlandiyanın birinci naziri Con Suinni ölkədə zorakılığa, irqçiliyə və dözümsüzlüyə yer olmadığını bildirib. Məlumata görə, saxlanılarkən hücum edən şəxs guya “ölkəni qoruduğunu” qışqırıb.

