Fransanın paytaxtı Parisdə əlində iki mətbəx bıçağı olan şəxs küçədə üç qadına hücum edib.
Hadisə Porte-de-Klişi ərazisində baş verib. Hücum nəticəsində 19, 24 və 36 yaşlı üç qadın yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılardan birinin hamilə olduğu bildirilir. Həkimlər onların həyati təhlükəsinin olmadığını açıqlayıblar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ətrafdakı şəxslərin hücumçunu dayandırmaq üçün ona çamadan və stul atdığı görünür. Çamadanın dəyməsindən sonra bıçaqları yerə salan şəxs zərərsizləşdirilib. Hadisə yerində olan, həmin vaxt xidmətdə olmayan polis əməkdaşı hücumçunu saxlayıb.
Fransanın daxili işlər naziri Laurent Nunez hücumçunun qarşısını alan vətəndaşların və polis əməkdaşının cəsarətini yüksək qiymətləndirib.
Saxlanılan şəxs polis tərəfindən tutularkən "Bunu etməyimi Allah əmr etdi" deyə qışqırıb. Fransa Daxili İşlər Naziri Loran Nunez isə şübhəlinin səsləndirdiyi fikirlərin ziddiyyətli olduğunu bildirərək, hücumun motivinin hələ dəqiq müəyyənləşdirilmədiyini vurğulayıb.
Bəzi şahidlərin iddiasına görə, hücumçu qadınları qəsdən hədəf alıb və "Allah məni qadınları öldürmək üçün göndərib" ifadəsini işlədib.
Hazırda hadisə Paris Prokurorluğu tərəfindən araşdırılır. Terror ehtimalının olub-olmadığı da qiymətləndirilir, şübhəlinin şəxsiyyəti və psixi vəziyyəti ilə bağlı ekspertiza aparılır.

