Bakı-Quba avtomagistralında, Qubaya doğru hərəkət edən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobili ilə yük maşını toqquşub.
Hadisə baş verən əraziyə dərhal təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumatlara əsasən, qəza nəticəsində sərnişin – 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onunla yanaşı, avtomobildə olan digər şəxslər – 1988-ci il təvəllüdlü Abdullayev Samiq Fərhad oğlu və 2001-ci il təvəllüdlü Həsənov Ramazan Habil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən Den.az-a bildirib ki, “20 may 2025-ci il tarixində saat 21:10 radələrində baş verən qəza nəticəsində iki kişi hospitalizasiya olunub. Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir, müalicələri davam etdirilir.”
Məlumat üçün bildirək ki, qəzada həyatını itirən sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu, 44 günlük Vətən Müharibəsi qazisidir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəbləri ekspertiza nəticəsində müəyyən olunacaq.