Parisdəki Luvr Muzeyində baş verən səs-küylü oğurluqdan sonra pəncərələrə metal barmaqlıqlar quraşdırılıb. Bu barədə “Le Monde” qəzeti yazır.
“Bu, oğurluqdan sonra görülən təcili tədbirlərdən biridir”, — deyə muzey administrasiyasının müavini Fransis Steynbok bildirib.
Məlumata görə, səhər tezdən qalereyanın balkonunda çalışan işçilər kranın köməyi ilə böyük metal barmaqlığı qaldıraraq qalereyanın hündür qapılarına bərkidiblər.
Xatırladaq ki, 19 oktyabrda özlərini işçi kimi təqdim edən naməlum şəxslər avtoqaldırıcıdan istifadə edərək Luvra daxil olub və bir neçə dəqiqə ərzində Napoleona aid kolleksiyadan €88 milyon dəyərində zinət əşyalarını oğurlayıblar. Oğurlananlar arasında boyunbağı, broş və diadema da olub. Qaçarkən isə 1354 brilyantla bəzədilmiş imperatriça Evgeniyanın tacını yerə salıblar. Sonradan oğurlanan zinət əşyalarının bir hissəsinin darknet vasitəsilə satılmağa cəhd edildiyi bildirilib.
Daha sonra Luvrun direktoru Loran de Kar açıqlayıb ki, 2026-cı ilin sonunadək muzeyin ətrafında 100 xarici müşahidə kamerası quraşdırılacaq.
Qeyd edək ki, “Le Monde” nəşri hələ 2018-ci ildə aparılan təhlükəsizlik yoxlamalarının Luvrda zəif nöqtələri üzə çıxardığını yazmışdı.

