Boliviya Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules tipli hərbi təyyarə qəzaya uğrayıb.
Təyyarə sıx hərəkətli magistral yola düşərək bir neçə avtomobilə toxunub.
Unitel telekanalının məlumatına görə, qəza nəticəsində azı 15 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Ölkənin yanğınsöndürmə xidmətinin rəhbəri Pavel Tovar ekipaj üzvlərinin hamısının öldüyünü təsdiqləyib. Hadisə yerində həkimlər və xilasedicilər işlərini davam etdirirlər.
İlkin məlumata əsasən, təyyarə Boliviya Hərbi Hava Qüvvələrinə məxsus olub və Mərkəzi Bankın sifarişi ilə pul vəsaiti daşıyırmış.
Qəzadan sonra hadisə yerinə çoxlu insan toplaşıb. Şahidlərin sözlərinə görə, bəzi şəxslər dağıntılar arasında səpələnmiş əskinasları toplamağa cəhd ediblər.
Rəsmi qurumlar itirilən pul vəsaitləri ilə bağlı hələlik açıqlama verməyib. Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

