İtaliyanın Venesiya şəhərində yerləşən “Prada” lüks brendinin fabrikindən yüzlərlə cüt dizayner ayaqqabısı oğurlanıb.
Bu barədə La Repubblica qəzeti məlumat yayıb.
Məlumata görə, cinayətkarlar ümumilikdə 400 cüt ayaqqabı ələ keçirib, zərər yüz minlərlə avro ilə qiymətləndirilir.
Hadisə səhər saat 04:00 radələrində baş verib və əməliyyatda 6-7 nəfərlik qrup iştirak edib.
Bildirilir ki, soyğunçular əvvəlcədən oğurladıqları avtomobillərlə fabrikin giriş yollarını bağlayıb, hüquq-mühafizə orqanlarının əraziyə daxil olmasının qarşısını alıblar.
Nəticədə polis əməkdaşları əraziyə piyada getmək məcburiyyətində qalıb, bu müddətdə isə cinayətkarlar hadisə yerindən qaçıblar.
Hazırda təhlükəsizlik kameralarının görüntüləri araşdırılır, şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilməyə çalışılır.

