Kolumbiyada hərbçiləri daşıyan Lockheed C-130 Hercules tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Bu barədə Kolumbiya Hərbi Hava Qüvvələrinin komandanı Karlos Fernando Silva Rueda məlumat verib.
Təyyarənin göyərtəsində 114 sərnişin və 11 ekipaj üzvü olub. Onlardan ən azı 48 nəfər sağ qalıb. Digərlərinin taleyi hələ də naməlumdur. Axtarış-xilasetmə işləri davam edir.
Qəza Kolumbiyanın cənubunda yerləşən Putumayo regionunun Puerto Leguizamo bələdiyyəsində baş verib. Təyyarə uçuşdan qısa müddət sonra, hava limanından təxminən iki kilometr məsafədə yerə düşüb. Qəzanın səbəbi hələlik açıqlanmır.
Puerto Leguizamoda yerləşən Hərbi Dəniz Qüvvələrinin bazası sayəsində hərbi bölmələr hadisə yerinə operativ şəkildə çataraq zərərçəkənlərə yardım göstərib. Bu barədə Radio Caracol məlumat yayıb.
El Heraldo qeyd edir ki, qəzaya uğrayan təyyarə Kolumbiyaya ABŞ hökuməti tərəfindən hədiyyə edilmişdi və ölkəyə 2020-ci ildə gətirilmişdi.

