Baham adalarında “Cessna 402” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərin hamısı həyatını itirib.
Bu barədə “New York Post” məlumat yayıb.
Bildirilib ki, “Flamingo Air” aviaşirkətinə məxsus təyyarə Nassau hava limanından San-Andros istiqamətində uçuş həyata keçirirmiş.
Uçuş zamanı hava gəmisi qəzaya uğrayaraq meşəlik əraziyə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin qalıqlarının ağacların arasında geniş əraziyə səpələndiyi görünür.
İlkin məlumata görə, uçuş zamanı təyyarədə texniki nasazlıq yaranıb.
Qəzadan dərhal sonra səlahiyyətli qurumlar bir nəfərin sağ qaldığını bildirsələr də, sonradan həmin şəxsin aldığı ağır xəsarətlərdən öldüyünü açıqlayıblar.

