Cənubi Sudanda Cessna 208 Caravan tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə Al Jazeera məlumat yayıb.
Məlumata görə, CityLink Aviation şirkətinə məxsus təyyarə Yei şəhərindən paytaxt Cuba istiqamətində daxili reys həyata keçirirdi.
Uçuşdan təxminən 30 dəqiqə sonra ekipajla əlaqə kəsilib.
Təyyarə Cubadan təxminən 20 km cənub-qərbdə yerləşən Luri bölgəsində yerə çırpılıb. Göyərtədə olan 13 sərnişin və pilot — ümumilikdə 14 nəfər həyatını itirib.
İlkin ehtimallara görə, qəzaya pis hava şəraiti və zəif görünüş səbəb ola bilər.
Hadisə yerinə xilasedicilər və istintaq qrupları göndərilib, axtarış və identifikasiya işləri davam edir.

