Böyük Britaniyanın cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 20 nəfər xəsarət alıb.
Hadisə İngiltərənin Şərqi Sasseks qraflığında, Lyuis şəhəri yaxınlığında baş verib. Londondan İstborna gedən qatarda təxminən 150 sərnişin olub.
Sky News-un nəqliyyat polisinə istinadən yaydığı məlumata görə, yaralananlardan 2 nəfərin vəziyyəti ağır, daha 18 nəfərin xəsarətləri isə yüngül qiymətləndirilir.
Bütün yaralılara hadisə yerində tibbi yardım göstərilib. Onlardan bir qismi müayinə və müalicə üçün yerli xəstəxanalara aparılıb. Hadisə nəticəsində ölən olmayıb.
Qəza İngiltərənin cənubunda dəmir yolu hərəkətinin qismən pozulmasına səbəb olub. Operatorlar gecikmələr və reyslərin ləğvi barədə xəbərdarlıq edərək sərnişinlərə günün sonunadək mümkün qədər dəmir yolundan istifadə etməməyi tövsiyə ediblər.

