Oman sahillərindən dörd dəniz mili şərqdə xam neft daşıyan tankerə naməlum mərmi düşüb.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Xidməti (UKMTO) məlumat yayıb.
Bildirilib ki, gəminin kapitanı naməlum mərminin tankerin sol bortuna dəydiyini xəbər verib.
Qurumun məlumatına görə, ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir. Hazırda neft sızması və ya dəniz mühitinə ziyan dəyməsi barədə məlumat daxil olmayıb.
Bir gün əvvəl Hörmüz boğazında da oxşar hadisə baş verib. UKMTO-nun məlumatına əsasən, gəmilərdən birinə mərmi düşməsi nəticəsində yanğın başlayıb və elektrik təchizatı müvəqqəti kəsilib.
Ekipaj yanğını öz qüvvəsi ilə söndürməyə nail olub. Bundan sonra tanker yoluna davam edib.
Həmin hadisə zamanı da xəsarət alanlar və ətraf mühitə ziyan dəyməsi barədə məlumat qeydə alınmayıb.

