Böyük Britaniyada zooparkda pələngin hücumu nəticəsində həyatını itirən Uilyam Çepmenin keçmiş aktyor olduğu məlum olub.
Bu barədə BBC News məlumat yayıb.
Hadisə oktyabrın 10-da Donkaster şəhəri yaxınlığındakı “Yorkshire Wildlife Park” zooparkında baş verib.
23 yaşlı Uilyam Çepmen uşaqlıq illərində “Harri Potter” filmlərində Mızmız Mirtl obrazını canlandıran Şirli Hendersonla birlikdə “May Contain Nuts” komediya-dramında, həmçinin BBC-nin “True Stories” serialında çəkilib.
Şahidlərin sözlərinə görə, həmin gün zooparka tək gələn gənc qulaqlıq taxaraq pələngin saxlanıldığı ərazinin yaxınlığında rəqs edib və dövrə vurub. Bəzi şahidlər onun anlaşılmaz dildə danışdığını və diz çökərək dua etdiyini bildiriblər.

O, hadisədən bir neçə dəqiqə əvvəl tanımadığı şəxsdən pələngin fonunda fotosunu çəkməsini istəyib.
Daha sonra Çepmen qoruyucu hasarı aşaraq pələngin saxlanıldığı əraziyə daxil olub. Təxminən 200 kiloqram ağırlığında olan Altay adlı Amur pələngi ona hücum edib. Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisədən sonra ailəsi açıqlama yayaraq Çepmenin bir neçə ildir ciddi psixi sağlamlıq problemləri yaşadığını və güclü təsirə malik dərmanlar qəbul etdiyini bildirib.
Yaxınları gəncin həyatının son anlarını əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılmasının onlara əlavə mənəvi əzab verdiyini vurğulayaraq bu paylaşımların dayandırılmasını xahiş ediblər.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma davam edir. Zoopark rəhbərliyi isə Altay adlı pələngin öldürülməyəcəyini açıqlayıb.

