“Qarabağ” və “Neftçi” arasında keçirilən futbol matçından əvvəl və sonra stadion ətrafında qarşıdurma yaratmağa çalışan 19 nəfər polis tərəfindən saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ictimai asayişi pozmağa cəhd göstərən 19 nəfərin hamısı müəyyən edilərək saxlanılıb. Onlar barəsində müvafiq məsuliyyət tədbirləri görülür.
Yerli medianın məlumatına görə, bir qrup azarkeş stadion yaxınlığında petardalardan, digər pirotexniki vasitələrdən və şüşə butulkalardan istifadə edərək ictimai asayişi pozub.
Hadisələr zamanı bir azarkeşin xəsarət aldığı da bildirilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Neftçi” qarşılaşması 3:3 hesablı heç-heçə ilə başa çatıb.

