Belçikanın paytaxtı Brüsseldə etirazçılarla polis arasında qarşıdurma baş verib. Asayiş keşikçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.
Bu barədə BX1 telekanalı məlumat yayıb.
Bildirilib ki, etirazçılar Mərkəzi Dəmiryol Vağzalından Cənub Vağzalına doğru hərəkət edərkən polislə toqquşublar.
The Brussels Times nəşrinin məlumatına görə, nümayişçilərin əksəriyyətini antifaşist fəallar təşkil edib. Onlardan bəziləri polisə doğru irəliləmək üçün tikinti maneələrindən istifadə ediblər.
Etirazçılar polis əməkdaşlarına müxtəlif əşyalar atdıqdan sonra hüquq-mühafizə orqanları xüsusi vasitələrlə müdaxilə edərək onları Cənub Vağzalı istiqamətində geri çəkilməyə məcbur ediblər.
Qarşıdurmalar nəticəsində 3 tramvay və 5 avtobus marşrutunun fəaliyyətində fasilələr yaranıb.
Hadisə zamanı xəsarət alanlar və saxlanılanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

