Belçikanın paytaxtı Brüsseldə əksəriyyəti gənclərdən ibarət 1000-dən çox nümayişçi təhsil sahəsində planlaşdırılan qənaət paketinə etiraz edib.
Etirazçılar Brüssel Mərkəzi Vağzalının qarşısına toplaşıblar. Lakin aksiya daha sonra gərginləşib. Nümayişçilər vağzal yaxınlığında yolun ortasına qurduqları baryerləri, velosipedləri və digər əşyaları yandırıblar, həmçinin fişənglərdən istifadə ediblər.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Brüssel Mərkəzi Vağzalında çıxışların böyük hissəsi bağlanıb.
Polis nümayişçilərə su şırnağı ilə müdaxilə edib. Hüquq-mühafizə orqanları vətəndaşlara Brüssel Mərkəzi Vağzalının ətrafından uzaq durmaq barədə xəbərdarlıq edib.

Baş verən iğtişaşlar səbəbindən metro hərəkətində ləngimələr yaranıb.
Qənaət paketi nəyi nəzərdə tutur?
Belçikanın fransızdilli Valoniya-Brüssel Federasiyasında büdcə kəsirini azaltmaq məqsədilə hazırlanan qənaət paketi çərçivəsində təhsil haqlarının artırılması və müəllimlərin həftəlik dərs saatlarının uzadılması planlaşdırılır.

