Çində 3 yaşlı qız uşağı yaşadığı binanın 12-ci mərtəbəsinin pəncərəsindən sallanaraq ölümlə üz-üzə qalıb.
Hadisə oktyabrın 17-də ölkənin Futszyan əyalətinin Çjanpin şəhərində baş verib.
Məlumata görə, pəncərənin dəmir barmaqlıqları arasından keçməyə çalışan azyaşlının başı ilişib və bədəni havada asılı vəziyyətdə qalıb.
Hadisəni görən qonşular və binanın mühafizəçiləri dərhal köməyə tələsiblər. Aşağı mərtəbədəki mənzilə daxil olan iki nəfər pəncərədən uzanaraq uşağın ayaqlarının altına taburet tutublar. Onlar yanğınsöndürənlər gələnədək azyaşlının yıxılmasının qarşısını almağa çalışıblar.

Hadisə yerinə gələn xilasedicilər mənzilin bağlı qapısını açaraq içəri daxil olublar. Dəmir barmaqlıqları kəsən əməkdaşlar uşağı təhlükəsiz şəkildə xilas ediblər.
Xəstəxanaya aparılan azyaşlının xəsarət almadığı bildirilib.

Yerli mətbuatın məlumatına görə, hadisə zamanı uşağın atası işdə, anası isə alış-verişdə olub. Ana qızının yatdığını düşünərək onu evdə tək qoyub.
Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər uşağı xilas etməyə çalışan qonşuların hərəkətini yüksək qiymətləndiriblər.

