Almaniyada Adolf Hitlerin “Qartal yuvası” (“Kelştaynhauz”) adı ilə tanınan keçmiş iqamətgahında güclü yanğın baş verib.
Bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, yanğın gecə saatlarında başlayıb. Polis nümayəndəsinin sözlərinə görə, hadisə yerinə gedən əməkdaşlar yolda motosikletçi ilə qarşılaşıblar.
Yanğını törətməkdə şübhəli bilinən motosikletçi saxlanılıb. Hazırda o, dindirilir.
Qeyd edək ki, “Qartal yuvası” Almaniyanın Bavariya Alp dağlarında, 1834 metr yüksəklikdə yerləşir.
Məlumata görə, nasist rəsmisi Martin Borman bu tikilini Hitlerin 50 illik yubileyi münasibətilə Nasist Partiyasının hədiyyəsi kimi ona təqdim edib.
Bina Hitlerin əsas iqamətgahı olan Berqhofun yerləşdiyi əraziyə yaxın Kelştayn dağında yerləşir.

