İsrailin şənbə günü səhər saatlarında İrana endirdiyi zərbələrin hədəfləri arasında İranın ali dini lideri Əli Xamenei, ölkə prezidenti Məsud Pezeşkian, eləcə də yüksək vəzifəli dövlət və hərbi rəsmilər olub. Bu barədə Times of Israel nəşri adı açıqlanmayan israilli rəsmi şəxsə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, zərbələr birbaşa Əli Xamenei və Məsud Pezeşkianı hədəf alıb. Mənbənin sözlərinə əsasən, hədəflər sırasında “rejimin və hərbi komandanlığın digər yüksək səviyyəli nümayəndələri” də olub.
Hazırda zərbələrin nəticələri ilə bağlı məlumatlar qeyri-müəyyən olaraq qalır.
Bundan əvvəl The New York Times da israilli mənbələrə istinadən bildirmişdi ki, ABŞ və İsrailin İrana qarşı ilk zərbə dalğasının əsas məqsədi mümkün qədər çox yüksək rütbəli iranlı rəhbərin zərərsizləşdirilməsi olub.
Qəzetin məlumatına görə, rəsmi şəxslər hesab ediblər ki, ötən ilin iyun zərbələrində olduğu kimi, bu dəfə də müəyyən dərəcədə gözlənilməzlik effekti yaratmaq mümkün olacaq. Onların fikrincə, İran rəhbərliyinə qarşı cəhdlər məhz ilk zərbə dalğası zamanı edilməli idi, çünki sonrakı mərhələdə İranın rəhbərliyi qoruma tədbirlərini gücləndirəcəyi ehtimal olunur.
Qərb KİV-ləri daha əvvəl yazırdı ki, ABŞ və İsrail zərbələri səhər saatlarında başlamağa qərar verib. Bunun səbəbi isə Tehranın bu cür hücumların adətən gecə saatlarında həyata keçirildiyini düşünərək səhər saatlarına hazır olmayacağı ehtimalı ilə əlaqələndirilir.
Şənbə günü İran Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Tehran münaqişədən yayınmaq üçün ABŞ ilə danışıqlarda iştirak edib, lakin hazırda silahlı müqavimətə hazırdır.
Eyni zamanda İran KİV-ləri məlumatlı mənbələrə istinadən bildiriblər ki, səhər saatlarında ABŞ və İsrail tərəfindən endirilən zərbələr zamanı Məsud Pezeşkian xəsarət almayıb.

