İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı əməliyyatın başlaması ilə əlaqədar yerli əhaliyə müraciət edərək səbirli və möhkəm olmağa çağırıb. Bu barədə TASS məlumat yayıb. O bildirib ki, İsrail və ABŞ-ın birgə addımları İran xalqının öz taleyini özü müəyyən edə biləcəyi şərait yaratmağa yönəlib.
Fevralın 28-i, şənbə günü səhər saatlarında İran yenidən hücumlara məruz qalıb. Tehranda sakinlər arasında təşviş yaranıb. İlkin məlumatlara görə, partlayışlar Seyid Xəndan rayonunda qeydə alınıb. Həmin ərazidə İran Müdafiə Nazirliyinin binası yerləşir. İsrail daha əvvəl preventiv zərbələr endirdiyini açıqlamışdı.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran əhalisinə hökuməti devirmək üçün “son şans” verildiyini bildirmişdi. Onun sözlərinə görə, rəsmi Tehran bundan imtina edərsə, ABŞ ölkənin raket sənayesini və hərbi-dəniz qüvvələrini məhv etməyə hazırdır.
Eyni zamanda İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin birgə əməliyyat keçirdiyi, əsas hədəflərdən birinin isə İranın ali dini lideri Əli Xameneinin Tehrandakı iqamətgahı olduğu bildirilib. Hökumət məhəlləsinə endirilən zərbələrin “Yehudanın Qalxanı” əməliyyatının tərkib hissəsi olduğu qeyd olunur.

