ABŞ-ın Tayvana verilməsi nəzərdə tutulan iri silah paketi Prezident Donald Trampın təsdiqinə hazırdır və o, martın sonunda Çinə səfərindən sonra bu sənədi imzalaya bilər. Bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Təxminən 14 milyard dollar dəyərində qiymətləndirilən bu paket Tayvan tarixində ən böyük hərbi yardım paketi ola bilər.
Məlumata görə, sözügedən razılaşma Trampın 31 mart–2 aprel tarixlərində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşmək üçün Pekinə planlaşdırılan səfəri ərəfəsində gizli saxlanılır. Bildirilir ki, paket onun geri dönüşündən sonra açıqlana bilər.
Agentliyin mənbələrindən birinin sözlərinə görə, paket əsasən PAC-3 və NASAMS zenit-raket sistemlərindən ibarətdir.
Mənbə bildirib ki, prezident razılıq verən kimi rəsmi elan üçün hər şey hazır olacaq.
Bununla yanaşı, adanın “asimmetrik” müdafiə imkanlarının inkişafı üçün əlavə 6 milyard dollar ayrıldığının da elan oluna biləcəyi qeyd olunur.

