Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakovla iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX-2026 çərçivəsində, Bakı Ekspo Mərkəzində baş tutub. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın regionda sülh və təhlükəsizliyin təmin olunmasındakı rolunu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın daha geniş və ortamüddətli əsasda inkişaf etdirilməsi perspektivləri də nəzərdən keçirilib. Tərəflər döyüş hazırlığının təşkili üzrə təcrübə mübadiləsini, həmçinin hərbi təhsil və hərbi elm sahələrində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Rusiya tərəfi görüşün dostluq və konstruktiv şəraitdə keçdiyini bildirib. Danışıqların yekununda tərəflər 22 fevral 2022-ci il tarixli Azərbaycan-Rusiya Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Osmakovun rəhbərlik etdiyi Rusiya hərbi nümayəndə heyəti 29–30 sentyabr tarixlərində Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti ADEX-2026-nın açılış mərasimində iştirak edib və sərgidə Rusiyanın hərbi təyinatlı məhsullarının nümayiş olunduğu pavilyona baş çəkib.

