Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan, İran Silahlı Qüvvələrinin müdafiə və dəstək naziri, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində nümayəndə heyəti fəxri qarovul dəstəsinin önündən keçib, protokola uyğun olaraq Azərbaycan və İran dövlət himnləri səsləndirilib, “Fəxri qonaqlar kitabı”na xatirə qeydi yazılıb.
Görüş zamanı Zakir Həsənov Azərbaycan–İran münasibətlərinin çoxəsrlik tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin və birgə təlimlərin bu əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

Briqada generalı Əziz Nəsirzadə isə iki ölkə arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın hərbi sahədə gələcək inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə hərbi, hərbi-texniki sahələr, hərbi təhsil və elm üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.

