ABŞ Müdafiə Nazirliyi – Pentaqon İrana qarşı hərbi əməliyyatlar fonunda həyatını itirən amerikalı hərbçilərin sayının əvvəl açıqlanandan daha çox olduğunu qəbul edib. Rəsmi rəqəm 21 nəfərə yüksəldilib.
ABŞ mediasının məlumatına görə, Pentaqonun rəsmi Defense Casualty Analysis System (DCAS) bazasında aparılan yenilənmə zamanı daha iki hərbçinin ölümü ümumi statistikaya əlavə edilib.
Onlardan biri martın 6-da Küveytdə həyatını itirən 46 yaşlı Milli Qvardiya mayoru Sorffli Davius, digəri isə sentyabrda intihar edən ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçisidir.
Pentaqon, həmçinin İrana qarşı əməliyyatlarla əlaqəli olmadığı bildirilən təlim qəzasında daha bir hərbçinin öldüyünü təsdiqləyib. 26 yaşlı çavuş Devin A. Seibel may ayında İraqda keçirilən təlim zamanı həyatını itirib.
Beləliklə, fevralın 28-də İrana qarşı əməliyyatların başlanmasından bəri Yaxın Şərqdə həyatını itirən ABŞ hərbçilərinin ümumi sayı 22-yə çatıb. Onlardan 21-i Pentaqonun İran münaqişəsi ilə bağlı yenilənmiş rəsmi statistikasında yer alır.
DCAS-ın son məlumatlarına görə, həmin dövrdə 865 ABŞ hərbçisi də yaralanıb.
Pentaqon açıqlamasında bütün hərbi itkilərin şəffaf və dəqiq şəkildə qeydə alınması öhdəliyinə sadiq qaldığını bildirib.
“The Washington Post” isə hələ ötən ay altı ABŞ rəsmisinə istinadən Pentaqonun açıq məlumat bazasında göstəriləndən daha çox amerikalı hərbçinin həyatını itirdiyini yazmışdı.
ABŞ müdafiə naziri Pit Heqset həmin vaxt bu məlumatı “tamamilə yalan” adlandırmışdı.

