ABŞ-nin İranla münaqişəsi dövründə həyatını itirən amerikalı hərbçilərin rəsmi sayı 19-a çatıb.
RİA Novosti-nin Pentaqonun yenilənmiş məlumatlarına istinadən yaydığı xəbərə görə, ABŞ Müdafiə Nazirliyi həlak olan hərbçilərin rəsmi siyahısına daha bir nəfəri əlavə edib.
Məlumata əsasən, həyatını itirən hərbçi qadının şəxsiyyəti hələlik açıqlanmayıb.
Amerika mətbuatının yazdığına görə, söhbət Yaxın Şərqə yollanan hərbi təyyarədə olan ABŞ ordusunun qadın hərbçisindən gedir.
Uçuş zamanı onun səhhətində qəfil problem yaranıb və təcili tibbi yardıma ehtiyac duyub. Lakin hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Onun ölümü döyüş əməliyyatları ilə əlaqəli olmayan hadisə kimi təsnif edilib.
Bununla yanaşı, ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epik qəzəb” (“Epic Fury”) hərbi əməliyyatının ilk dörd ay ərzində Amerika vergi ödəyicilərinə 33,4 milyard dollara başa gəldiyi bildirilib.
Pentaqonun Baş Müfəttişinin hesabatına əsasən, həmin məbləğin 22,3 milyard dolları istifadə olunmuş silah-sursata, 7,4 milyard dolları əməliyyatla bağlı digər xərclərə, 3,7 milyard dolları isə hərbi texnika itkilərinə sərf olunub.

