Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) baş əməliyyat direktoru Kevin Lamuru işdən çıxarıb. “Sky News”un məlumatına görə, qərar Lamurun təşkilatın prezidenti Canni İnfantinonu FIFA Forward Enterprise (FFE) layihəsinə görə tənqid etməsindən sonra qəbul edilib.
FİFA ilə Lamurun əmək münasibətləri 17 avqustda başa çatıb. Təşkilat iki illik fəaliyyəti üçün keçmiş direktora təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Lamur daha əvvəl FİFA əməkdaşlarının yeni layihənin detalları ilə bağlı yanlış məlumatlandırıldığını bildirmişdi. FFE layihəsi federasiyanın media və kommersiya hüquqlarının, o cümlədən dünya çempionatlarının yayım və kommersiya hüquqlarının yeni yaradılacaq struktura ötürülməsini nəzərdə tuturdu. Plan çərçivəsində həmin strukturun təxminən 20 faiz səhminin satılması yolu ilə 4,2 milyard dollar cəlb edilməsi planlaşdırılırdı.
KİV-in məlumatına görə, səhmləri Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsus fondların ala biləcəyi bildirilirdi. Layihə həyata keçirilsəydi, İnfantinonun illik maaşının 3 milyon avrodan 30 milyon avroya yüksələ biləcəyi iddia olunurdu.
Təşəbbüs UEFA, AFC və CONCACAF tərəfindən kəskin tənqidlə qarşılanıb. UEFA hətta FİFA-nın himayəsi altında keçirilən turnirləri, o cümlədən dünya çempionatını boykot edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Nəticədə Canni İnfantino FİFA-nın kommersiya hüquqlarının satışı planından imtina etdiyini açıqlayıb.

