UEFA dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması planını sərt şəkildə tənqid edib.
Qurumun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib ki, futbolun ruhu və idarəetmə sistemi alınıb-satıla bilən əmtəə deyil.
“Heç bir qurum futbolun sahibi deyil və FİFA-nın onu satmaq hüququ yoxdur”, – deyə UEFA-nın açıqlamasında vurğulanıb.
Bəyanatda xüsusilə qeyd olunub ki, mümkün satışdan maliyyə qazancını kimin əldə edəcəyinin qeyri-müəyyən qalması ciddi suallar doğurur.
İyulun 28-də yayılan məlumata görə, FİFA dünya çempionatının idarəçiliyini ayrıca şirkətə verməyi və həmin şirkətin təxminən 20–30 faiz səhmini investorlara satmağı nəzərdən keçirir.
Əldə olunacaq vəsaitin bir hissəsinin milli futbol assosiasiyalarına ödənişlərin artırılmasına yönəldilməsi planlaşdırılır. Hazırda FİFA-ya üzv ölkələrin hər biri təşkilatdan ildə təxminən 2 milyon dollar alır.

