“Mançester Siti”nin bəzi rəhbər şəxsləri klubun maliyyə qaydalarını pozması ilə bağlı müstəqil komissiyanın qərarından sonra cinayət təqibi ilə üzləşə bilər. Bu barədə The Sun məlumat yayıb.
Nəşrin məlumatına görə, komissiyanın üzə çıxardığı bəzi hallar polis, vergi orqanları və maliyyə tənzimləyicilərinin ayrıca araşdırmalarına səbəb ola bilər. Əgər araşdırmalar zamanı cinayət tərkibi müəyyən edilərsə, işdə adı keçən ayrı-ayrı vəzifəli şəxslər cinayət məsuliyyətinə, o cümlədən həbs cəzasına məruz qala bilərlər. Bununla belə, belə bir proses avtomatik başlamır və ayrıca hüquqi araşdırma tələb olunur.
Premyer Liqanın müstəqil komissiyası “Mançester Siti”ni 2009/10–2017/18 mövsümləri ərzində ciddi maliyyə qaydası pozuntularında təqsirli bilib. Komissiyanın nəticələrinə görə, klub kommersiya tərəfdaşları ilə formal xarakter daşıyan saxta müqavilələrdən istifadə edib, gəlirlərini süni şəkildə artırıb, xərclərini aşağı göstərib və maliyyə hesabatlarında real vəziyyəti gizlədib. Premyer Liqa bu sxemlərin klubun maliyyə göstəricilərinə 900 milyon funtdan çox təsir etdiyini açıqlayıb.
The Sun yazır ki, xüsusilə bəzi ödənişlərin xarakteri və auditorlara təqdim olunan məlumatların doğruluğu hüquq-mühafizə və maliyyə qurumlarının diqqətini çəkə bilər. Lakin futbol komissiyasının qərarı özü-özlüyündə rəhbər şəxslərə qarşı cinayət işi açılması demək deyil.
“Mançester Siti” qərarla razılaşmır və apellyasiya şikayəti verməyə hazırlaşır. Klubun baş icraçı direktoru Ferran Soriano komissiyanın nəticələrini rədd edib və klubun mövqeyini sübut edən dəlillərə sahib olduqlarını bildirib. Klubla bağlı yekun sanksiyalar isə ayrıca mərhələdə müəyyənləşdiriləcək.

