İran Hörmüz boğazı ətrafındakı vəziyyət fonunda dünya iqtisadiyyatını faktiki olaraq girovda saxlayır. Bu barədə CNN yazır.
Məqalədə qeyd olunur ki, atəşkəsin davamı üçün İranın bu həyati əhəmiyyətli su yolunu yenidən açmasına razılıq verməsi tələb olunur ki, bu da Tehranın dünyanın ən mühüm neft tranzit nöqtəsinə və dolayısı ilə qlobal iqtisadiyyata təsirinin açıq göstəricisidir.
Telekanal bildirir ki, Yaxın Şərqdəki vəziyyət səbəbindən dünya ölkələri neft tədarükü sahəsində ciddi böhranla üzləşir.
“Hörmüz boğazına nəzarət İrana iki əsas üstünlük verir: qlobal iqtisadi təsir və müharibə dövründə neftin yüksək qiymətlərlə satışı hesabına gəlir əldə etmək imkanı”, — deyə materialda vurğulanır.
Jurnalistlərin fikrincə, İran münaqişədən sonra da Hörmüz boğazına çıxış məsələsində söz sahibi olaraq iqtisadi gücünü nümayiş etdirməyə davam edəcək.
Bəzi analitiklər isə boğazdan keçid üçün ödəniş sisteminin gələcəkdə daimi xarakter ala biləcəyini istisna etmirlər.

