2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı kəskin artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə külək elektrik stansiyalarında 327,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 58,5 dəfə çoxdur.
Günəş elektrik stansiyalarında isə yanvar-aprel aylarında 121,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, illik müqayisədə 6 faiz azalma deməkdir.
Ümumilikdə, ilin ilk dörd ayında Azərbaycanda 8 milyard 527,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.
İstehsal olunan enerjinin 8 milyard 273,6 milyon kilovat-saatı əmtəəlik elektrik enerjisinin payına düşüb.
Hesabat dövründə hidroelektrik stansiyalarında 920 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 13,5 faiz azdır.
İstilik elektrik stansiyalarında istehsal 6 milyard 816,9 milyon kilovat-saat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalıb.
Bundan başqa, biokütlə və tullantıların yandırılması hesabına 87,4 milyon kilovat-saat elektrik enerjisi əldə olunub. Bu sahədə isə 17,7 faiz artım qeydə alınıb.

