Böyük Britaniyada yüz minlərlə insan artıq çəki və piylənmə səbəbindən əmək fəaliyyətini davam etdirə bilmir. Bu vəziyyətin ölkə iqtisadiyyatına da mənfi təsir göstərdiyi bildirilir.
Bu barədə “The Telegraph” York Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya görə, ölkədə 600 mindən çox insan piylənmə ilə bağlı problemlər yaşayır. Alimlər Böyük Britaniyanın ən böyük biotibbi məlumat bazalarından biri olan UK Biobank-dakı göstəriciləri təhlil ediblər.
Məlumata əsasən, artıq çəkili britaniyalıların təxminən 4 faizi yalnız çəkisi ilə bağlı problemlər səbəbindən işləmir.
Rəsmi statistikaya görə, Böyük Britaniyada ümumilikdə təxminən 15 milyon insan piylənmədən əziyyət çəkir. Araşdırma göstərib ki, çəki problemləri ilə bağlı işsizlik səviyyəsi kişilər arasında qadınlarla müqayisədə daha yüksəkdir.
Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, piylənmədən əziyyət çəkən insanların sayının artması Britaniya iqtisadiyyatına əlavə itkilər gətirə bilər. Belə şəxslərin normal çəkili işçilərlə müqayisədə iki dəfə daha çox xəstəlik məzuniyyəti götürdüyü bildirilir.
Böyük Britaniya hökuməti isə işsiz şəxslər üçün arıqlama məqsədli inyeksiyaların tətbiqini nəzərdə tutan proqramlara başlamağı planlaşdırır. Gözləntilərə görə, bu addım onların sağlamlıq vəziyyətini yaxşılaşdıraraq yenidən əmək fəaliyyətinə qayıtmasına kömək edə bilər.

