Artıq çəki ilə bağlı qlobal mənzərə dəyişib. Əgər əvvəllər piylənmə daha çox “toxluq xəstəliyi” kimi qəbul olunur və əsasən varlı Qərb ölkələri ilə əlaqələndirilirdisə, indi əsas risk aşağı və orta gəlirli ölkələrin üzərinə keçir.
Bu barədə Earth.com nəşrinin araşdırmasında qeyd olunur.
Araşdırmaya görə, piylənmə ilə bağlı ən çox danışılan varlı ölkələrdə artım tempi əsasən dayanıb. Lakin dünyanın bir çox başqa bölgələrində artıq çəki göstəriciləri hələ də sürətlə yüksəlir.
Alimlər bildirirlər ki, dünya paradoksal vəziyyətlə üz-üzədir: planetin daha kasıb regionlarında artıq çəkili insanların sayı sürətlə artır, ən zəngin ölkələrdə isə sağlam həyat tərzinə maraq və keyfiyyətli qidaya çıxış sayəsində bu göstərici sabitləşir, bəzi yerlərdə isə hətta azalır.
Məlumata görə, Danimarkada məktəb yaşlı uşaqlar arasında piylənmə təxminən 1990-cı ildə pik həddə çatıb və o vaxtdan bəri ciddi dəyişməyib. Digər Şimali Avropa ölkələrində də oxşar proses müşahidə olunub. Fransada isə mövcud 45 illik məlumatlar ərzində göstəricilər demək olar ki, sabit qalıb.
2000-ci illərin ortalarına doğru Qərbi Avropanın böyük hissəsində, Şimali Amerikada və Avstraliyada uşaq piylənməsi sabitləşib. İtaliya və Portuqaliyada isə piylənmə hallarının azala biləcəyi də göstərilib.
Lakin dünyanın daha kasıb bölgələrində mənzərə tam fərqlidir. Saharadan cənubdakı Afrika, Cənubi və Cənub-Şərqi Asiya, Latın Amerikası, Sakit okean regionunun böyük hissəsi və Karib hövzəsində piylənmə səviyyəsi artmaqda davam edir.
2024-cü ildə 200 ölkədən 110-da qızlar arasında piylənmə artım sürəti 1980-ci ildən bəri ən yüksək həddə çatıb. Oğlanlar arasında isə bu göstərici 91 ölkədə qeydə alınıb.
Ən kəskin artım qızlar arasında Tonqa və Samoada, oğlanlar arasında isə Peruda müşahidə olunub. Bu ölkələrdə artım ildə təxminən 1 faizə yaxınlaşır.

Bəzi yerlərdə piylənmə səviyyəsi artıq varlı ölkələrin göstəricilərini xeyli qabaqlayır. Yaxın Şərq və Şimali Afrikanın bəzi bölgələrində böyüklər arasında piylənmə səviyyəsi 40-50 faiz təşkil edir. Tonqa və Kuk adalarında isə bu göstərici 65 faizi keçir.
Braziliya, Argentina və Meksikada yetkin qadınlar arasında piylənmə göstəriciləri Avropanın böyük hissəsini geridə qoyub. Hindistan və Çində ümumi göstəricilər hələlik orta səviyyədə qalsa da, artım xətti sürətlə yuxarı qalxır.

