Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində həyata keçirilən mühüm layihələrdən biri başa çatıb. Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi yekunlaşıb.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı zamanı bildirilib.
Azərbaycan Nazirlər Kabinetinin məlumatına görə, tərəflər nəqliyyat sahəsində birgə layihələrin icrasını müzakirə ediblər. Danışıq zamanı Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qiymətləndirilib.
Həmçinin Astara yük terminalında işlərin tamamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ağbənd–Kəlalə körpüsü Araz çayı üzərində yerləşir və Azərbaycanla İran arasında yeni nəqliyyat bağlantısının əsas elementlərindən biri hesab olunur. Layihə Şərqi Zəngəzur iqtisadi rayonunun İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə xidmət edir.
Denmedia.az

