Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı İranın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar müzakirə olunub.
Ceyhun Bayramov həmkarına hadisə ilə bağlı ətraflı məlumat verib və qeyd edib ki, bu hücumlar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib, beynəlxalq hüququn norma və prinsiplərini pozur və regionda gərginliyin artmasına səbəb olur. O, həmçinin vurğulayıb ki, İrandan bu insidentlə bağlı qısa müddətdə izahat tələb olunur.
Rəşid Meredov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.
Nazirlər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

