Kiyevin Qolosiyiv rayonunda silahlı şəxs atəş açaraq 5 nəfəri öldürüb, 10 nəfəri yaralayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında məlumat verib.
İlkin məlumata görə, naməlum şəxs avtomatdan keçənlərə atəş açıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib. Kiyev meri Vitali Kliçko yaralananlar arasında uşağın da olduğunu açıqlayıb.
Hadisədən sonra silahlı şəxs yaxınlıqdakı supermarketlərdən birinə sığınıb və girov götürüb. Ərazi dərhal xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun bildirdiyinə görə, xüsusi təyinatlı KORD bölməsi əməliyyat keçirərək mağazaya hücum edib.
“Cinayətkar girov götürmüşdü və saxlanılarkən polis əməkdaşlarına atəş açırdı. Bundan əvvəl onunla danışıqlar aparılırdı,” — deyə o qeyd edib.
Əməliyyat nəticəsində silahlı şəxs zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

