ABŞ-ın Alabama ştatının Lanett qəsəbəsində baş verən qeyri-adi hadisə polis əməkdaşlarını belə təəccübləndirib.
Məlumata görə, meşəlik ərazidə mühərriki işlək vəziyyətdə olan tərk edilmiş pikap barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları sürücü qapısı açıq, yük hissəsi endirilmiş və mühərriki hələ də işləyən avtomobil aşkarlayıblar.
Avtomobilin yaxınlığında torpaq üzərində sürüklənmə izləri müəyyən edilib. Polis izləri izləyərək meşənin dərinliyinə doğru hərəkət edib.
Qısa axtarışdan sonra meşəlik ərazidə yanaşı vəziyyətdə bir qadın və bir kişinin meyiti tapılıb. Onların 44 yaşlı Corciya sakini Daniel Robbins və onun 47 yaşlı sevgilisi, Lanett sakini Cessika Folds olduğu müəyyənləşdirilib.
Hadisənin təfərrüatları məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olub.
Ekspertizanın nəticələrinə görə, Cessika Foldsun sevgilisi tərəfindən boğularaq öldürüldüyü müəyyən edilib. Məlumata əsasən, Daniel Robbins qadının meyitini gizlətmək üçün onu meşəlik əraziyə sürükləyərkən həddindən artıq fiziki gərginlik və stress səbəbindən infarkt keçirib və hadisə yerində ölüb.
Polis araşdırmanı cinayəti törətməkdə şübhəli bilinən şəxsin də həyatını itirməsi səbəbindən “qeyri-adi şəkildə açılmış iş” kimi qeydə alıb.

