Almaniyanın Münhen şəhərində polis həqiqi tapançaya bənzəyən softair silah daşıyan 14 yaşlı Türkiyə vətəndaşına atəş açıb.
Hadisə şəhərin Şvabinq rayonunda, Belqrad küçəsində baş verib. Ətrafdakı şəxslərin “silaha bənzəyən əşya daşıyan bir nəfər” barədə məlumat verməsindən sonra hadisə yerinə mülki geyimli polis əməkdaşları gəlib.
Polis əməkdaşlarının açdığı atəş nəticəsində 14 yaşlı gənc ağır yaralanıb. Onun əməliyyat olunduğu və vəziyyətinin stabil olduğu bildirilib.
Polis mənbələri iddia edib ki, gənc silahı doldururmuş kimi hərəkət edib, xəbərdarlıqlara baxmayaraq onu qaldıraraq polis əməkdaşlarına tərəf çevirib.
Polisin açıqlamasına görə, gəncin əlində olan softair tapançasını uzaq məsafədən həqiqi silahdan ayırmaq son dərəcə çətin olub.
Hadisə ilə bağlı prokurorluq ilkin araşdırmaya başlayıb. Atəş açan polis əməkdaşının hazırkı mərhələdə istintaqda şahid qismində qiymətləndirildiyi bildirilib.
Vurulan gənc barəsində isə polis əməkdaşlarını hədələmək ittihamı ilə araşdırma başladılıb.
Məlumata görə, gənc ailəsi ilə birlikdə 2023-cü ildə Almaniyaya gəlib və sığınacaq müraciəti rədd edilib.

