ABŞ-da 36 yaşlı Madlen Veronik Deyli 11 aylıq oğlu Bezil Stouneri qəsdən öldürməkdə təqsirli olduğunu etiraf edib.
New York Postun məlumatına görə, qadın daha əvvəl uşağı qaçıraraq Vayominqdən aparıb. Bununla da o, körpənin təcili qaydada atasının himayəsinə verilməsinə dair məhkəmə qərarını pozub.
Hadisə 23 dekabr 2025-ci ildə Nyu-Meksiko ştatının kənd ərazisində yerləşən avtotreylerdə baş verib. Deyli həmin vaxt polisdən gizlənirmiş.
Hüquq-mühafizə əməkdaşları treyleri mühasirəyə aldıqdan sonra içəridən atəş səsi eşidiblər. Polis treylerə daxil olduqda 11 aylıq körpəni üz nahiyəsindən aldığı ölümcül güllə yarası ilə aşkar edib.
İstintaqın versiyasına görə, Deyli uşağın atasının himayəsinə verilməsini istəmədiyi üçün cinayəti törədib. Qadın daha əvvəl oğlunun atası ilə görüşməsi üçün Nebraska və Vayominq arasında mütəmadi aparılıb-gətirilməsinə imkan verməyəcəyini bildirib.
Saxlanıldıqdan sonra Deyli müstəntiqlərə əməlini uşağını “qorumaq” cəhdi kimi gördüyünü deyib. O, körpə ilə birlikdə treylerdən çıxacağı təqdirdə oğlunun təhlükə ilə üzləşə biləcəyini iddia edib.
Polis qadının yerini onun Silver-Siti yaxınlığında iş üçün müraciət etməsindən sonra müəyyənləşdirib. Yoxlama zamanı Deylinin axtarışda olduğu üzə çıxıb və polis onun olduğu əraziyə yollanıb.
İstintaq materiallarına görə, qadın həmçinin uşağın atasının və onun yaxınlarının körpəni bir daha görə bilməməsi üçün oğlunu öldürməyə hazır olduğunu etiraf edib.
36 yaşlı qadın birinci dərəcəli qətldə təqsirli olduğunu qəbul edib.

