Fransanın cənubundakı Orange şəhərində baş verən dəhşətli hadisə ölkədə böyük rezonans doğurub.
32 yaşlı qadın şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirildikdən sonra onun həyat yoldaşı evdəki karton qutuları açıb. Qutuların içərisində çürümüş vəziyyətdə beş körpənin cəsədini aşkar edən kişi qalıqları xəstəxanaya aparıb. Bundan sonra polisə məlumat verilib.
Məlumata görə, ər-arvad həmin qutulara görə mübahisə edib. Mübahisə zamanı qadın qəfil özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılıb. Kişi evə qayıtdıqdan sonra ikinci mərtəbədə böyük plastik torbanın içərisinə yerləşdirilmiş qutuları açıb.
İddialara əsasən, qadın daha əvvəl üç dəfə hamilə olduğunu həyat yoldaşından gizlədib və bunu inkar edib. Kişi ifadəsində həyat yoldaşının mümkün hamiləliklərindən xəbərsiz olduğunu bildirib və dindirildikdən sonra sərbəst buraxılıb.
Məhkəmə-tibb ekspertləri qalıqların beş ayrı körpəyə aid olduğunu təsdiqləyiblər. Ölümün səbəbini və körpələrin nə vaxt həyatını itirdiyini müəyyənləşdirmək üçün genişmiqyaslı ekspertiza və yarılma aparılacaq.
Yeni doğuş etdiyi müəyyənləşdirilən qadının müalicəsi davam edir. O, hələlik saxlanılmayıb və ifadəsi alınmayıb.
Cütlüyün evdə yaşayan 8 və 12 yaşlı iki uşağı dövlət himayəsinə götürülüb.

