Cənubi Afrika Respublikasında 40 yaşlı qadına rəfiqəsinin 5 yaşlı oğlunu qaçırmaq və onun ölümünə səbəb olmaq ittihamı irəli sürülüb.
IOL nəşrinin məlumatına görə, hadisə 2025-ci ilin avqustunda baş verib. İstintaqın versiyasına əsasən, qadın rəfiqəsinin onu qumar oyunlarına cəlb etdiyini, borca düşdükdən sonra isə köməksiz qoyduğunu düşünüb.
O, uşağı qaçırdıqdan sonra anasından elektron pulqabı vasitəsilə külli miqdarda pul tələb edib. Polis axtarışlara başlayanda isə qorxuya düşərək uşağı başqa rayona aparıb və çaya atıb.
Xilasedicilər uşağın həyatını xilas edə bilməyiblər. Məhkəmədə təqsirləndirilən şəxs üzr istəyərək əməlindən peşman olduğunu bildirib.
Həlak olan uşağın anası isə qonşusunun mərc etmək üçün ondan mütəmadi olaraq telefon istədiyini deyib.

