Çində kişi 1 yaş yarımlıq oğlunu ölümcül şəkildə döyməkdə ittiham olunan sevgilisini bağışlayıb.
Bu barədə South China Morning Post məlumat yayıb.
Hadisə Çinin Quandun əyalətində baş verib. İstintaqın məlumatına görə, Qo soyadlı qadın uşağın atası ilə birlikdə yaşayır və azyaşlıya baxırdı.
Bildirilir ki, qadın bir neçə gün ərzində uşağa qarşı zorakılıq edib. Nəticədə azyaşlının qarın boşluğu orqanlarında ağır xəsarətlər yaranıb. Həkimlər uşağın bədənində çoxsaylı göyərmələr və baş nahiyəsində travmalar aşkar ediblər.
Məlumata görə, qadın daha əvvəl də “sözə baxmadığı” üçün uşağı sıxıb və döyüb.
Uşağın anası isə keçmiş həyat yoldaşının yeni sevgilisi ilə birlikdə yaşadığından xəbərsiz olub. O, hadisədən uşağın atasının kremasiya sənədlərini hazırladığı vaxt qayınatasının zəngindən sonra xəbər tutub.
Ana meyitin müayinəsində israr edib və polisə müraciət edib. Bundan sonra qadına qarşı cinayət işi açılıb.
Uşağın atası isə rəsmi şəkildə bağışlama məktubu yazaraq sevgilisinin “pis niyyətli olmadığına” inandığını bildirib.
Hüquqşünasların sözlərinə görə, belə bir məktub hüquqi qüvvəyə malik olsa da, uşağın anası buna qarşı çıxdığı üçün məhkəmədə zəif arqument sayılacaq.
Qeyd olunur ki, uşağa qarşı xüsusi amansızlıq nəzərə alınarsa, təqsirləndirilən qadını ən azı 10 il həbs, ağır halda isə daha sərt cəza gözləyə bilər.

