Fransanın Tuluza şəhərində 93 yaşlı qadın evində ölü tapılıb.
Fransa mətbuatının məlumatına görə, hadisə sentyabrın 27-də Tuluzanın Minimes rayonunda baş verib.
Qonşular evdən qışqırıq, təhqir və zərbə səsləri eşitdikdən sonra polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə qan izləri aşkar ediblər.
Mari-Luizin cansız bədəni evin hamam otağında tapılıb.
Məlumata görə, qadın səhhətindəki problemlər səbəbindən aylardır yataq xəstəsi olub və müstəqil hərəkət etməkdə çətinlik çəkib. Qonşuları və yaxınları ona gündəlik ehtiyaclarını qarşılamaqda kömək ediblər.
Hadisə yerində saxlanılan 34 yaşlı Sudan vətəndaşının sərxoş vəziyyətdə olduğu bildirilib. Şübhəli şəxs polisə müqavimət göstərib və saxlanılarkən əməkdaşlardan birini yaralayıb.
Tuluza Prokurorluğunun açıqladığı ekspertiza nəticələrinə əsasən, qadının bədənində cinsi zorakılıq ehtimalını göstərən xəsarətlər, qabırğa və onurğa sınıqları, üzündə çoxsaylı qançırlar, boynunda isə boğulmaya uyğun travma izləri müəyyən edilib.

Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün əlavə məhkəmə-tibbi müayinələr davam etdirilir.
Prokurorluq şübhəli şəxsə qarşı zorlama ilə əlaqəli qətl ittihamı üzrə cinayət təqibinə başlanılmasını tələb edib.
Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq çərçivəsində onun psixiatrik müayinədən keçirilməsi də nəzərdə tutulur.
Polis hazırda kişinin qadının evinə necə daxil olduğunu, onu əvvəldən tanıyıb-tanımadığını və hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.

