Braziliyada özünü ekzorsist kimi təqdim edən şəxs sevgilisinin ölümünə səbəb olmaqda ittiham olunur. Bu barədə Daily Star məlumat yayıb.
Hadisə ölkənin Serra şəhərində yerləşən mənzillərdən birində baş verib. Məlumata görə, 26 yaşlı Brayan Fernando Ximenes Souza təxminən bir ay əvvəl tanış olduğu 29 yaşlı Marseli de Oliveyra Qottardo üzərində “cin çıxarma” ayini keçirməyə çalışıb.
Qonşular mənzildən gələn qışqırıq səslərini eşitdikdən sonra polisə müraciət ediblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadını həyatını itirmiş vəziyyətdə aşkar ediblər. İstintaqın versiyasına görə, həmin gün Souza və Qottardo narkotik vasitə qəbul etdikdən sonra kişi sevgilisinin “cinlər tərəfindən ələ keçirildiyini” düşünüb və ona zorakılıq tətbiq edib.
Məlumata əsasən, qadının ölümünə aldığı ağır xəsarətlər səbəb olub.
Özünü ekzorsist adlandıran Souza hadisə yerində saxlanılıb. O, əməlini etiraf edib və barəsində həbs qətimkan tədbiri seçilib.

