Oktyabrın 14-də Azərbaycan ərazisində qeydə alınan 42 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sutka ərzində axtarışda olan 48 nəfər saxlanılıb. Onlardan 35-i borclu qismində axtarılan şəxslər olub. Saxlanılanlar aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, narkotiklərlə əlaqəli 5 fakt, qanunsuz saxlanılan silah və sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Oktyabrın 14-də keçirilən tədbirlər zamanı ailə üzvlərinə məlumat vermədən yaşadıqları yeri tərk etdiklərinə görə itkin düşmüş şəxs kimi axtarışa verilən 7 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin gün dələduzluq etməkdə şübhəli bilinərək axtarışa verilən 6 nəfər saxlanılıb və istintaqa təhvil verilib.
Eyni zamanda, Bakı və ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı 3 avtomat, 5 qumbara, 4 partladıcı, 3 tüfəng, 1 daraq və müxtəlif çaplı 100 patron aşkar edilərək götürülüb.
DİN qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkarlanması istiqamətində əməliyyat-profilaktik tədbirlərin davam etdirildiyini bildirib.

