Sentyabrın 1-də Azərbaycan ərazisində qeydə alınan 35 cinayətin, eləcə də əvvəlki dövrlərdə törədilmiş və açılmamış qalan 31 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ötən sutka ərzində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 86-sı borclu şəxs kimi axtarışda olub.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 12, silah və sursatın qanunsuz saxlanılması ilə bağlı isə 10 fakt aşkarlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Sentyabrın 1-də yaşayış yerini ailə üzvlərinə məlumat vermədən tərk etdiyi üçün itkin düşmüş şəxs kimi axtarışda olan 11 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat tədbirləri zamanı dələduzluqda şübhəli bilinərək axtarışa verilmiş 13 nəfər saxlanılıb və istintaq orqanlarına təhvil verilib.
Sutka ərzində polis əməkdaşları tərəfindən ümumilikdə 27,4 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Həmçinin Bakı şəhərində və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 9 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 73 patron aşkar edilərək götürülüb.
DİN-dən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

