Sentyabrın 2-də Azərbaycanda polis əməkdaşları tərəfindən gün ərzində qeydə alınan 48 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün axtarışda olan 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 91 nəfər borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 14, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yaşayış yerini ailə üzvlərinə xəbər vermədən tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilən 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Sentyabrın 2-də keçirilən əməliyyat tədbirləri zamanı 21,5 kiloqram narkotik vasitə və psixotrop maddə tərkibli 114 həb aşkar edilərək götürülüb.
Paytaxtda və respublikanın müxtəlif rayonlarında polis əməkdaşları tərəfindən 3 avtomat, 8 tüfəng, 3 daraq və müxtəlif çaplı 157 patron da aşkar edilərək götürülüb.
DİN-dən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilərək götürülməsi, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

