Azərbaycanda ötən sutka ərzində axtarışda olan 151 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 22-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan isə 7 cinayətin üstü açılıb. Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
Axtarışda olan 151 nəfərdən 136-sı borclu şəxs qismində axtarılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 25, silah-sursatın qanunsuz saxlanılması və aşkarlanması ilə əlaqədar isə 10 fakt müəyyən edilib.
Bundan əlavə, ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan daha 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Keçirilən əməliyyatlar zamanı ümumilikdə 49,7 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
DİN-dən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

