Almaniyada əvvəlcə vəhşi qabanın hücumuna məruz qaldığı ehtimal edilən 40 yaşlı qadının ölümündə qətl şübhəsi yaranıb.
Bu barədə Need to Know nəşri məlumat yayıb.
Bildirilib ki, Dina Gertnerin meyiti oktyabrın 7-də səhər saat 08:30 radələrində Saksoniya-Anhalt federal əyalətinin Braunsbedra şəhərində, Runştedt gölü yaxınlığındakı asfalt velosiped yolunda tapılıb.
Meyiti həmin ərazidən qaçaraq keçən idmançı aşkar edib. Hadisə yerindən bir qədər aralıda qadına məxsus velosiped də tapılıb.
İlkin araşdırma zamanı ərazidə vəhşi qabanın izləri aşkarlandığından qadının heyvan hücumuna məruz qalmış ola biləcəyi ehtimal edilib.
Lakin məhkəmə-tibbi ekspertiza qadının bədənində yıxılma nəticəsində yaranması mümkün olmayan xəsarətlər müəyyən edib. Bundan sonra polis hadisəni mümkün qətl faktı kimi araşdırmağa başlayıb.
Kriminalistlər hadisə yerindən götürülən sübutları ekspertizaya göndəriblər.
Polis oktyabrın 7-də gecə saat 00:00-dan səhər 08:30-dək sarı rəngli gödəkçədə velosiped sürən qadını görmüş şəxsləri axtarır.
Faktla bağlı araşdırma davam etdirilir.

