Ermənistanda Ağveran dağ-iqlim kurortu yaxınlığındakı meşəlik ərazidə gənc Rusiya vətəndaşının meyiti aşkarlanıb.
Bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 18-də Çarentsavan şəhər polis şöbəsinə hadisə ilə bağlı məlumat daxil olub. “Armles” dövlət təşkilatının baş meşəbəyisi Ağveran meşəsində ağacdan asılmış vəziyyətdə bir nəfərin meyitini aşkar etdiyini bildirib.
“Zəng edən ‘Armles’ dövlət təşkilatının baş meşəbəyisi Ağveran meşəsində ağacdan asılmış şəxsin aşkar edildiyini bildirib. Hadisə yerinə Çarentsavan polis şöbəsinin əməliyyat qrupu göndərilib”, – deyə məlumatda qeyd olunub.
İrəvandan 55 kilometr məsafədə yerləşən kurort yaxınlığında tapılan şəxsin ilkin məlumata görə, 22 yaşında olduğu bildirilir.
Ölümün səbəbinin və hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.
Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

